Səlhab Məmmədov
Xalq rəssamı, professor, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru
Səlhab İsa oğlu Məmmədov 1943-cü ildə Azərbaycan Respublikasının Şəki şəhərində anadan olub. 1962-1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsində təhsil alıb. 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1982-1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi olub.
1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibidir. 2004-cü ildən Azərbaycan Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır.
2006-cı ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2009-cu ildən etibarən Rusiya Rəssamlıq Akademiyasının akademikidir. 2016-cı ildən Özbəkistan Rəssamlıq Akademiyasının, 2018-ci ildən Tbilisi Rəssamlıq Akademiyasının fəxri professorudur.
2012-ci ildə “Təsviri sənət” sahəsi üzrə 2011-ci ilin ən yaxşı işi nominasiyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi diplomla mükafatlandırılıb. Həmin ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2017-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib. 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.
