Əsərlər

“Qarabağın Rəngləri: Faciədən Zəfərə” layihəsi bu qədim torpağın şanlı tarixini, zəngin mədəni irsini və dirçəlişini tərənnüm edən 20 rəngkarlıq və 5 heykəltəraşlıq əsərindən ibarətdir. Layihə Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilatı dəstəyi ilə həyata keçirilib.

Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi olan 25 istedadlı tələbəsi tərəfindən ərsəyə gətirilən bu sənət inciləri Qarabağın füsunkar mənzərələrini və tarixi yaddaşını əks etdirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, regionun iqtisadi-mədəni dirçəlişini bədii şəkildə vəsf edir.

Ölkəmizin tanınmış Xalq rəssamları - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektoru Səlhab Məmmədov və dünya şöhrətli almaniyalı rəssam, Berlin Rəssamlıq Akademiyasının professoru İnqa Şmidtin zəngin təcrübələri və dəyərli məsləhətləri gənc müəlliflərin uğurlu sənət əsərləri yaratmaqlarına öz töhfəsini verib.

Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, gənc rəssam və heykəltəraşların yaradıcılığında Qarabağ artıq ağrı-acı ilə deyil ümid, qələbə və parlaq gələcəklə xarakterizə olunur. Bu əsərlər xalqımızın dirçəliş və çiçəklənmə yolundakı vahid milli yanaşmasının vizual təcəssümüdür. Hər bir rəsm işi, hər bir heykəl Qarabağın sülh, quruculuq və tərəqqi içində keçəcək sabahına açılan bir pəncərədir.

Daha ətraflı
Rəngkarlıq əsərləri
Heykəltaraşlıq əsərləri