Əsər satın al,
Qarabağın dirçəlişinə dəstək ol!
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə “Qarabağın Rəngləri: Faciədən Zəfərə” adlı layihənin icrasına başlanılıb.
İlk dəfə reallaşdırılan “Qarabağın Rəngləri” təşəbbüsünün məntiqi davamı olan bu layihə çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında təhsil alan istedadlı gənc rəssam və heykəltəraşlar tərəfindən Qarabağın füsunkar təbiətini, tarixi yaddaşını və dirçəliş ruhunu əks etdirən 25 sənət əsəri - 20 rəsm və 5 heykəltəraşlıq nümunəsi ərsəyə gətirilib.
“Qarabağın Rəngləri: Faciədən Zəfərə” layihəsi yalnız estetik baxış deyil, həm də tarixi yaddaşın incəsənət vasitəsilə ifadəsidir. Burada müəlliflər ancaq faciəni xatırlatmır, eyni zamanda dirçəlişin, yenidənqurmanın və milli ruhun gücünü bədii dillə təqdim edirlər.
Layihədə iştirak edən gənc rəssam və heykəltaraşların hər biri Qarabağın ağrılarını, itkilərini, eyni zamanda Zəfərin sevincini və gələcəyə inamı böyük həssaslıqla öz əsərlərində əks etdiriblər.
Möhtəşəm zəfərin tərənnümü, Qarabağın sarsılmaz ruhunun və dirçəlişinin ifadəsi olan sənət əsərlərini Qarabağ Dirçəliş Fonduna ianə edərək əldə etmək mümkündür.
Qeyd edək ki, əsərlərin satışından əldə olunan vəsaitin işğaldan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin bərpasına yönəldilməsi nəzərdə tutulur.
