Vətənin əks-sədaları

Vüsalə Şərifova

Satılıb
Bu əsər Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Qarabağ Dirçəliş Fonduna 5000 AZN ianə edilərək əldə edilmişdir
Material Kətan, yağlı boya
Janr / Üslub Portret, realizm
Ölkə / İl Azərbaycan, 2023
Ölçü 80x100 sm

Vüsalə Şərifovanın “Vətənin əks-sədaları” əsəri Qarabağ xanı İbrahimxəlil xanın qızı, tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın bibisi, Qacar şahı Fətəli şahın həyat yoldaşı Ağabəyim Ağanın təsirli obrazıdır.

Müəllif əsərində vətənindən uzaqda mühacirət həyatı yaşayan Ağabəyim Ağanın simasındakı zərifliyi və melanxolik halından doğan kədəri xüsusi bir incəliklə təsvir edib.

Əsərdə Ağabəyim Ağanın əlində Qarabağın simvolu olan və Şuşadan başqa heç yerdə bitmədiyi deyilən Xarı bülbül təsvir olunub.

Müəllifin rəng seçimi və pastel rənglərin incə toxunuşu əsərə zəriflik və dərin nostalji hissi qatıb.

Ağabəyim Ağanın Vətən həsrəti o qədər dərin idi ki, o Qarabağa məxsus bitkilərdən ibarət bağ salır, amma Xarı bülbül öz torpağından başqa heç yerdə boy atmır.

Bu nisgil, Xarı bülbülün başqa torpaqda çiçək açmaması, Vətən həsrəti Ağabəyim Ağanın qələmə aldığı bayatıda nəfis şəkildə ifadə olunub.

Vətən bağı al-əlvandır.

Yox içində Xarı bülbül

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül?

Müəllif yalnız vizual təsvir yaratmayıb, sevgini, Vətən həsrətini və insanın köklərinə əbədi bağlılığını məharətlə göstərib.