Banu Çiçək Həmidlinin “Qarabağ şikəstəsi” əsəri Azərbaycanın musiqi beşiyi sayılan Qarabağın zəngin musiqi irsini tərənnüm edir. Kompozisiyada ön planda muğam üçlüyü təsvir edilib.
Onların fiqurları bir növ musiqi axınını təmsil edən rənglərin burulğanına qarışıb. Fonda Cıdır düzünün əks olunması mədəni irsin zənginliyinin torpaqla köklü əlaqəsini, tarixi bağlarını, bölgənin bəşər mədəniyyətinə bəxş etdiyi böyük dahiləri, istedadlı sənətkarları ifadə edir.
Tablo Azərbaycan muğamının valehedici səsini əks etdirərək vizual melodiya yaradır və elə ab-hava yaranır ki, sanki musiqi sədaları izləyicinin ətrafını bürüyür.
Müəllif ürəyə məlhəm olan, ruha qida verən Qarabağ musiqisinin təsvirini məharətlə rəsmə köçürə bilib.
Əsər sənətkarların təsvirindən daha çox Qarabağın bütün cahanda əks-səda doğuran və onun ayrılmaz hissəsi olan musiqisinin kətan üzərinə hopmuş əksidir.