Əsərlər
“Qarabağın rəngləri” layihəsi bu torpağın sarsılmaz ruhunun, zəngin mədəni irsinin və gözəlliyinin ifadəsi olan 19 rəsm və 4 heykəldən ibarətdir. İncəsət əsərləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 istedadlı gənc tərəfindən hazırlanıb. Layihə Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatı dəstəyi ilə həyata keçirilib.
Qarabağın zəngin və rəngarəng mənzərəsini, tarixi abidələrinin səssiz hekayələrini, mədəni irsin döyünən nəbzini və xalqımızın əzmkar ruhunu özündə birləşdirən bu əsərlərin hazırlanmasında ölkəmizin tanınmış Xalq rəssamları - Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev və Akademiyanın prorektoru Səlhab Məmmədovun təcrübələri və dəyərli fikirləri gənc müəlliflərin uğurlu sənət əsərləri yaratmaqlarına öz töhfəsini verib.
Gənc rəssam və heykəltəraşların yaradıcılığı ənənəvi sərhədləri aşaraq təkcə mənzərələri deyil, həm də dərin təfəkkür və düşüncələrin mahiyyətini əhatə edir. Əsərlər insanda fərqli emosiyalar oyatmaqla bərabər, Qarabağ üçün ümidli, parlaq gələcəyi, dirçəliş və çiçəklənmə istiqamətində ümumi yanaşmanı ifadə edir.